30 dekabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon üzrə görülmüş işlərin yekunlarına dair hesabat konfransı, eyni zamanda Yeni İl və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon icra hakimiyyəti tərəfindən həyata keçirilmiş tədbirlər, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat vermişdir. O, Konstitusiyanın hüquqi dövlət quruculuğunda mühüm rolunu vurğulamış, ictimai-siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etmişdir.
Çıxışda, həmçinin rayon ərazisində icra olunan sosial-iqtisadi layihələr, maarifləndirmə tədbirləri, hüquqi təşəbbüslər, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilmişdir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətinə toxunularaq bu günün milli birliyin və həmrəyliyin rəmzi olduğu vurğulanmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri diqqətə çatdırılmışdır.
Daha sonra “Konstitusiya və Suverenlik İli” çərçivəsində Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmiş və mövzuya uyğun videoçarx nümayiş etdirilmişdir.
Tədbir Yeni İl və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirilmişdir. Konsert proqramında mədəniyyət müəssisələrinin əməkdaşları, Bülbül adına Uşaq Musiqi Məktəbinin müəllimləri, rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivi iştirak etmişdir.
Təqdim olunan musiqi nömrələri və milli rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.








