Saatlı rayonu ərazisində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, şəhər mühitinin müasir tələblərə uyğunlaşdırılması və yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində abadlıq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir.
Şəhər ərazisində yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin hərəkətinin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda vətəndaşların gündəlik hərəkət imkanlarının yaxşılaşdırılması məqsədilə bir sıra küçə və yol sahələrində asfaltlaşdırma işləri həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev prospektinin döngə 7 hissəsində, Şah İsmayıl Xətai və Məhəmməd Hüseyn Şəhriyar küçələrində, Əli Hüseynov küçəsinin döngə 1 hissəsində, eləcə də Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov və Əli Şıxlinski küçələrində müasir standartlara cavab verən asfalt örtüyü salınmışdır.
Həyata keçirilən yol-təmir işləri çərçivəsində mövcud yol örtüyünün bərpası, səth hamarlanması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülmüşdür. Görülən işlər şəhər ərazisində nəqliyyat axınının tənzimlənməsinə, yol şəraitinin yaxşılaşdırılmasına və ümumi şəhər infrastrukturunun inkişafına müsbət təsir göstərmişdir.
Eyni zamanda piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Aydın Abuzərov küçəsində yeni səki salınmış, ərazi üzrə abadlıq və səliqə-sahman işləri aparılmışdır. Sözügedən ərazidə görülən işlər piyada infrastrukturunun təkmilləşdirilməsinə, şəhər mühitinin estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir.
Qeyd edək ki, Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən şəhər və kənd yaşayış məntəqələrində abadlıq-quruculuq işlərinin mərhələli şəkildə davam etdirilməsi, yol və kommunal infrastrukturun yenilənməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.













