Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Saatlı rayonunda vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, əhalini narahat edən məsələlərin operativ şəkildə araşdırılması və mövcud problemlərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq səyyar görüş-qəbullar təşkil edilir.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar görüş-qəbulu Şirinbəyli kənd sakinləri ilə keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də müvafiq xidmət və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək ölkəmizdə son illər ərzində sosial-iqtisadi sahədə əldə olunan uğurlar, həyata keçirilən dövlət proqramları, regionların inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. O, həmçinin Saatlı rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərindən, yol və infrastruktur layihələrindən, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışmışdır.
Səyyar görüş-qəbul zamanı Şirinbəyli kənd sakinləri tərəfindən kəndin sosial, kommunal və məişət problemləri ilə bağlı müraciətlər səsləndirilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə müvafiq qurumların iştirakı ilə həllini tapmış, digər müraciətlərin araşdırılması və icrası məqsədilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıq və göstərişlər verilmişdir.
Qeyd olunmuşdur ki, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin müraciətlərinə operativ və effektiv şəkildə baxılması Saatlı Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu məqsədlə səyyar görüş-qəbullar gələcəkdə də mütəmadi olaraq davam etdiriləcəkdir.




